Haqqın təntənəsi - Zəfər paradım, Qalibin məğluba ibrət dərsidir. Neçə Mübarizim, neçə Poladım Millətim əzəmət, qürur səsidir! 10 dekabr 2020- ci il Bakı şəhər Azadlıq meydanında tarixə qızıl hərflərlə yazılacaq hərbi parad - Zəfər paradı keçirildi. Zəfər paradı xalqımızın haqq yolunda, azadlıq yolunda qələbəsinin təcəssümü idi. Eyni zamanda müasir tariximizin unudulmaz zirvəsi idi. Azərbaycanın gücünü və tarixi qələbəmizi bütün dünyaya bir daha nümayiş etdirdi. Zəfər paradı Müzəffər Ali Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun 44 gün davam edən "Dəmir yumruq" hərbi əməliyyatında qazandığı tarixi qələbə idi. Azərbaycan ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistan silahlı qüvvələri ilə yanaşı, erməni mifini də məhv etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası darmadağın edildi. Azərbaycan ordusu 44 gün davam edən döyüşlərdə düşmənə diz çökdürdü, torpaqlarımızı işğalçılardan təmizləndi, ərazi bütövlüyümüzü bərpa etdi. Tarixi ədaləti bərpa olundu. Bununla da mənfur düşmənimizin öz doğma torpaqlarından uzaq saldığı qarabağlıların yurd həsrəti bitdi. Zəfər paradı ordumuzun qüdrətini, Azərbaycan -Türkiyə qardaşlığını, Ermənistanın məğlubiyyətini bütün dünyaya nümayiş etdirdi.Bu parad döyüşlərdən qalib çıxmış, düşməni dəmir yumruqla əzmiş ordumuzun qalibiyyət yürüşü idi. Bu hər bir azərbaycanlının səbirsizliklə gözlədiyi qələbəmizin paradı idi. Azərbaycan vətən müharibəsində möhtəşəm qələbəsinə həsr olunmuş Zəfər paradında 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artileriya qurğuları, hava hücumundan müdafiə sistemləri, hərbi gəmi və katerlərin, eləcə də vətən müharibəsi zamanı Azərbaycan ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi nümayiş olundu. Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir. Paradda yerli və xarici qonaqlar, diplomatik korpusların nümayəndələri də iştirak edirdilər. Prezident İlham Əliyev: "Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır" Qardaşlığın Zəfəri kimi iki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesajdır. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisədir. Həmin günü ölkəmizin bütün şəhərlərinin Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi xalqların mənəvi yaxınlığının təzahürüdür. Türkiyə dövləti, onun siyasi-hərbi rəhbərliyi bu müharibədə birmənalı şəkildə Azərbaycanın yanında oldu, ölkəmizin haqlı mövqeyini, ərazi bütövlüyünü qətiyyətlə dəstəklədi. Azərbaycan -Türkiyə dostluğu və qardaşlığı Vətən müharibəsinin gedişində daha da möhkəmləndi, daha sarsılmaz oldu. Azərbaycan Prezidenti Cənab İlham Əliyev Zəfər paradının tribunasından səsləndirdiyi fikirlər də hərb tariximizə qızıl hərflərlə yazıldı: "Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər ordusu öz tarixi missiyasını yerinə yetirdi - Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq". 10 dekabr: 1991-ci ilin bu tarixində ermənilər Dağlıq Qarabağda qanunsuz referendum keçirərək, müstəqillik elan etdi.29 il sonra Azərbaycan məhz 10 dekabr tarixində Zəfər paradı keçirir və bununla yanlış yazılmış tarixi düzəldir. Zəfər Paradı Azərbaycan xalqı üçün qürur, şərəf, ləyaqət simvolu, ermənilər üçün işğal siyasətinin acı ibrət dərsi olaraq tarixləşdi. Zəfər Paradı bir daha göstərdi ki, peşəkar ordusu olan xalqın müstəqilliyi əbədidir və bu ordunun gücü onun öz xalqına və dövlətinə sədaqətinə, Vətən sevgisindəndir.Zəfərin mübarək, Cənab Ali Baş Komandan!Zəfərin mübarək, Azərbaycan əsgəri!Zəfərin mübarək, Azərbaycan xalqı!Rufiyyə Bayramova,Xocalı rayon ziyalısı